Hesablama Palatasının sədri: "Büdcə sənədləşməsinin keyfiyyəti artırılmalıdır"

Maliyyə
  • 04 noyabr, 2025
  • 13:22
Hesablama Palatasının sədri: Büdcə sənədləşməsinin keyfiyyəti artırılmalıdır

Azərbaycanda büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər "Büdcə sistemi haqqında" qanunun tələblərinə tam uyğundur: "Bununla yanaşı, sənədlərə ortamüddətli xərclər çərçivəsinə dair məlumatlar və qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklərin layihələri də daxil edilib. Dövlət büdcəsi xərclərinin DİM ilə uyğunluğu barədə məlumatlılıq genişləndirilib. Lakin gələcək illərdə fiskal diaqnostika alətləri nəzərə alınmaqla "Büdcə zərfi"nə daxil olan məlumatların çeşidinin və keyfiyyətinin artırılması, maliyyə məlumatlarının qeyri-maliyyə göstəriciləri ilə müşayiət olunması zəruridir".

Palata sədri əlavə edib ki, bu istiqamətdə aparılacaq islahatlar büdcə sənədləşməsinin təkmilləşdirilməsinə və nəticə yönümlü büdcə xərclərinin daha əsaslı şəkildə formalaşdırılmasına xidmət edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti