Hesablama Palatasının əməkdaşları Polşada səfərdə olub
- 27 may, 2019
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatasının nümayəndə heyəti qurumun İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsi çərçivəsində “Kadrlardan maksimum dərəcədə səmərəli istifadə edilə bilməsi üçün Hesablama Palatasının insan resurslarının idarə edilməsi və funksional potensialının yüksəlməsi” Komponenti üzrə 19-24 mayda Polşada təlim səfərində olub.
"Report" Palataya istinadən xəbər verir ki, səfərin ilk 3 günündə təlimləri Polşa Ali Audit Ofisinin Qalavitse Təlim Mərkəzində Polşa Ali Audit Ofisinin peşəkar ekspertləri keçirib.
Təlim zamanı ilk öncə Polşa Ali Audit Ofisinin tarixi, mandatı, strukturu, əsas fəaliyyəti barədə ətraflı məlumat verilib, işə qəbul və müsabiqə prosedurları haqqında, eləcə də auditorlar (audit fəaliyyətini həyata keçirən əməkdaşlar) üçün peşə hazırlığı kursları barədə təqdimatlar nümayiş etdirilib.
Təlimin son 2 günü Hesablama Palatasının nümayəndələri Polşa Ali Audit Ofisinin inzibati binasında iş prosesi ilə yaxından tanış olmuş, yerində təcrübələr əldə ediblər. Eyni zamanda Azərbaycanın Hesablama Palatası və Polşa Ali Audit Ofisinin əməkdaşları arasında dövlət qulluğunu və kadr siyasətini əhatə edən məsələlər ətrafında geniş müzakirələr aparılıb.