Hesablama Palatası: Ötən il qeyri neft-qaz sektorunda əksər strateji hədəflərə nail olunub
- 27 may, 2025
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda qeyri neft-qaz sektoruna daxil olan bütün sahələrdə real artım izlənmiş, müvafiq dövr üzrə əksər strateji hədəflərə nail olunub.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, ötən il qeyri neft-qaz sahələrində 85 milyard 712,4 mln. manatlıq əlavə dəyər yaradılıb, bu sahə üzrə real artım tempi 6,2 % olub. Qeyri-neft-qaz sahələrinin hər biri üzrə real ifadədə artım qeydə alınıb, əsas töhfə isə nəqliyyat, digər xidmətlər və tikinti sahələrindən formalaşıb.
Hesabat ilində kənd təsərrüfatı ən az töhfə ilə fərqlənib, bu sektor real ifadədə 1,4% artmaqla qeyri-neft-qaz sahələri arasında ən kiçik artıma malik olub. Kənd təsərrüfatı və qeyri-neft-qaz sənayesi üzrə artımın proqnoz və strateji hədəflə müqayisədə aşağı olduğu müşahidə edilib.
Digər xidmətlər üzrə töhfənin artımı əsasən dövlət idarəetməsi və müdafiə, həmçinin daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti hesabına təmin olunub.