Hesablama Palatası: Naxçıvanın 2026-cı il büdcəsi ilə bağlı izahatda analitik boşluqlar var
- 06 yanvar, 2026
- 16:44
Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinə dair təqdim edilmiş izahat sənədində bir sıra analitik boşluqlar aşkar edib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Auditor hesabatında qeyd olunub ki, izahatda büdcə siyasətinin əsas istiqamətləri, gəlir və xərclərin formalaşdırılmasının iqtisadi əsasları kifayət qədər ətraflı açıqlanmayıb. Sənəddə növbəti il üzrə makroiqtisadi göstəricilər, büdcə gəlirlərinin mənbələri və onların dinamikası, eləcə də sosial yönümlü xərclərin payı və prioritet istiqamətlər üzrə dəyişikliklər konkret iqtisadi və analitik əsaslandırma ilə təqdim edilməyib.
Hesablama Palatası hesab edir ki, izahatda büdcə siyasətinin iqtisadi və sosial təsirlərinə dair analitik təhlilin və izahlı müqayisələrin verilməsi zəruridir. Bu cür yanaşma büdcə göstəricilərinin daha dolğun qiymətləndirilməsinə və gələcək büdcə planlaşdırılmasının keyfiyyətinin artırılmasına xidmət edə bilər.
Naxçıvanın Maliyyə Nazirliyi Palatanın tövsiyələrini nəzərə alaraq izahat sənədində müəyyən təkmilləşdirmə aparıb. Nazirlik gələcək dövrlərdə izahat sənədlərində təqdim ediləcək məlumatların meyar və standartlarının Palata ilə birgə razılaşdırılmasını təklif edib.
Hesabatda bu yanaşmanın müsbət addım olduğu vurğulansa da, izahat sənədinin daha da təkmilləşdirilməsinə ehtiyacın qaldığı qeyd olunub.