Hesablama Palatası: Maliyyə Nazirliyinin qapalı hərrac mexanizmi uzunmüddətli dövrdə risklər yarada bilər
- 08 sentyabr, 2025
- 17:26

Maliyyə Nazirliyinin keçirdiyi qapalı hərrac mexanizminin tətbiqi uzunmüddətli perpektivdə risklərə səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də bildirilib.
Hesablama Palatası bəyan edib ki, bu ilin ilk yarısında həyata keçirilmiş qapalı hərrac əməliyyatları qısamüddətli öhdəliklərin idarə olunmasında və borc portfelinin dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edib, həmçinin uzunmüddətli istiqrazların emissiyası vasitəsilə bazarda maliyyə sabitliyinin gücləndirilməsi və qısamüddətli risklərin azaldılması baxımından effektiv alət kimi çıxış edib.
"Lakin bazara yeni investorların cəlb edilməməsi maliyyə axınlarının əsasən dövlət qurumları arasında dövr etməsinə gətirib çıxarıb, bu isə likvidlik imkanlarını məhdudlaşdırmaqla yanaşı borc bazarının şaxələnməsi potensialını azaldaraq əməliyyatın davamlılığının qiymətləndirilməsində ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarıb", - xülasədə qeyd olunub.
Qeyd edək ki, Maliyyə Nazirliyinin qapalı hərrac mexanizmi adətən dövlət qiymətli kağızlarının (məsələn, dövlət istiqrazlarının) yerləşdirilməsi zamanı tətbiq edilən üsullardan biridir. Belə ki, qapalı hərrac - yalnız Maliyyə Nazirliyinin dəvət etdiyi və ya əvvəlcədən qeydiyyatdan keçmiş iştirakçılar arasında keçirilir. Burada açıq elan verilmir, iştirakçı dairəsi məhduddur.
Əsasən banklar, investisiya şirkətləri, sığorta təşkilatları və digər maliyyə qurumları iştirak edə bilər. İştirakçılar Maliyyə Nazirliyinə təkliflərini (faiz dərəcəsi və ya qiymət) təqdim edirlər. Nazirlik ən əlverişli təklifləri seçərək dövlət borc kağızlarını yerləşdirir. Məqsəd dövlət borcunun idarə olunmasında daha sabit, peşəkar və nəzarətli investor bazasına yönəlməkdir.
Fərqi ondadır ki, açıq hərracda istənilən investor (məsələn, fiziki şəxs və ya digər qurum) müəyyən şərtlərlə iştirak edə bilər, amma qapalı hərracda yalnız seçilmiş maliyyə institutları iştirak edə bilir.
Bu il iyulun 1-nə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 8 milyard 026,8 milyon manat olub ki, bu da, illik müqayisədə 10,2 % çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlarının 98,1 %-i və ya 7 milyard 873,98 milyon manatı istiqrazlar, 1,9 %-ni və ya 152,8 milyon manatını isə veksellər təşkil edib. Bu da, illik müqayisədə müvafiq olaraq 10,8 % çox və 12,9 % azdır.
İstiqrazların 57 %-i və ya 4 milyard 579,3 milyon manatı 2-3 illik, 30,1 %-i və ya 2 milyard 412,3 milyon manatı 5 il və daha artıq, 12,9 %-i və ya 1 milyard 035,2 milyon manatı isdə 1 illik olub.