"Freedom Holding": "Süni intellekt insan ekspertizasının dəyərini azaldır"
- 10 iyun, 2026
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt ekspertləri əvəz etmir, amma zəif mütəxəssislərdə anlayış illüziyası yaradır.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın "Freedom Holding" şirkətinin nümayəndəsi Ruslan Vdoviçenko Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, süni intellektin biznes proseslərində geniş tətbiqi ekspertlərin rolunun dəyərsizləşməsi riski yaradır: "Son vaxtlar şirkət rəhbərləri maliyyə və hüquqi sənədləri süni intellekt sistemlərinə yükləyərək sürətli təhlillər əldə edir, hətta sənədlərdəki səhvlərin aşkarlanmasını da bu sistemlərə həvalə edirlər. Problem süni intellektin səhv tapmasında deyil, həmin nəticələrin peşəkar ekspertizadan üstün tutulmasındadır. Şirkət sahibi süni intellektin aşkar etdiyi səhvə görə hüquqşünasları və yaxud maliyyəçiləri tənqid edir. Bu isə insan ekspertizasının dəyərinin azalmasına gətirib çıxarır. Süni intellekt istifadəçiyə etiraz etmir, onun fikirlərini sorğulamır və bu, müəyyən mənada insanlarda həddindən artıq özünəinam yaradır".
Qonaq əlavə edib ki, Azərbaycan süni intellektin təhlükəsiz və məsuliyyətli tətbiqi sahəsində Qazaxıstanın təcrübəsindən yararlana bilər: "Qazaxıstanda süni intellektdən istifadə ilə bağlı hüquqi çərçivə formalaşdırılıb və burada məsuliyyət məsələləri aydın şəkildə müəyyən edilib. Məsələn, həkim diaqnozu süni intellektin köməyi ilə qoysa belə, yekun məsuliyyət yenə də həkimin üzərində qalır. Qanunvericilik süni intellekt vasitəsilə insanların emosional vəziyyətinin təhlili, fərdiləşdirilmiş məlumatların toplanması və davranışların manipulyasiya edilməsinə qarşı da məhdudiyyətlər nəzərdə tutur. Süni intellekt insanları manipulyasiya etmək, onları çaşdırmaq və ya zərərli proqram təminatı hazırlamaq üçün istifadə edilməməlidir. Bu sahədə effektiv nəzarət mexanizmlərinin qurulması vacibdir".
R. Vdovicenko hesab edir ki, aidiyyəti dövlət qurumları Azərbaycanda süni intellektin inkişafı və tənzimlənməsi istiqamətində müvafiq işlər həyata keçirirlər: "Belə bir hüquqi çərçivə formalaşana qədər Azərbaycan, xüsusilə bank sektoru, süni intellekt sistemlərinin təhlükəsiz istifadəsinə xüsusi diqqət yetirməlidir. Banklar ilk növbədə korporativ səviyyəli süni intellekt həllərindən istifadə etməlidirlər. Bundan əlavə, təşkilatların İT infrastrukturu süni intellekt texnologiyalarına uyğunlaşdırıldıqca informasiya təhlükəsizliyi mexanizmləri də yenilənməlidir".