"Fitch" İpoteka və Kredit Zəmanət Fondunun maliyyə dayanıqlığı amillərini açıqlayıb
- 13 noyabr, 2025
- 16:10
"Fitch" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunu (İKZF) dövlətlə əlaqəli olan və əsas dövlət funksiyasını yerinə yetirən qurum (GRE) kimi qiymətləndirir.
"Report" "Fitch"ə istinadən xəbər verir ki, bu funksiya maliyyəyə çıxış imkanlarını asanlaşdırmaqla kiçik və orta biznesin inkişafına dəstəyi və güzəştli mənzil təminatını əhatə edir.
Bu səbəbdən "Fitch" İKZF-nin reytinqini GRE meyarlarına uyğun olaraq Azərbaycanın suveren reytinqinə ("BBB-"/"Sabit") bərabər tutur.
"Fondun maliyyə dayanıqlığı davamlı və əhəmiyyətli dövlət dəstəyi ilə təmin edilir. Bu da sabit, lakin orta mənfəətlilik və həyat qabiliyyətli biznes modelində özünü büruzə verir. Fond hər il dövlətdən kapital yatırımları alır - 2024-2025-ci illərdə bu məbləğ ümumilikdə 172,7 milyon manat olub və sosial ipotekanın maliyyələşdirilməsinə yönəldilib", - "Fitch" qeyd edir.
Dəstək formalarından biri Fondun istiqrazlarının geri alınmasına dair Azərbaycan Mərkəzi Bankının (AMB) zəmanətidir. Bank istiqraz sahiblərinin tələbi əsasında onları geri almağı öhdəsinə götürür. Hazırda AMB İKZF-nin dövriyyədə olan istiqrazlarının təxminən 80 %-nə sahibdir.
Fond ölkədə mənfəət vergisindən azad edilmiş dörd təşkilatdan biridir. Dövlət həmçinin dolayı dəstək göstərməklə, fondun istiqrazlarına və məhsullarına xüsusi risk kateqoriyası təyin edir ki, bu da onları kommersiya istiqrazları ilə müqayisədə banklar üçün daha cəlbedici edir.
"Fitch" dövlətin İKZF-yə tənzimləyici və siyasi təsirinin ən azı ortamüddətli perspektivdə yüksək səviyyədə qalacağını gözləyir. 2026-cı ildə hökumət sosial ipoteka proqramının maliyyələşdirilməsi, KOB-lar üçün kreditlərin subsidiyalaşdırılmasına 100 milyon manat ayırmağı planlaşdırır.
"Fitch"in qiymətləndirmələrinə görə, İKZF-nin ev təsərrüfatlarının ipoteka bazarındakı payı təxminən 80 %-dir.
İKZF aşağı maliyyələşmə xərcləri ilə təmin olunan, gəlir gətirən qeyri-kommersiya dövlət qurumu olaraq qalır. 2024-cü ildə fond 23,2 milyon manat mənfəət əldə edib ki, bu da əvvəlki ilin səviyyəsinə uyğundur. Kredit portfelinin genişlənməsi nəticəsində xalis faiz gəlirindəki cüzi artım kadr xərclərinin artması ilə tənzimlənib.
Fondun aktivlərinin keyfiyyəti yüksək olaraq qalır - problemli kreditlərin payı ümumi ipoteka və icarə portfelinin 0,1 %-dən azdır.