"Fitch": Azərbaycan banklarında likvidliyin keyfiyyəti MDB+ regionunda ən güclülərdəndir
- 05 mart, 2024
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanın bank sektorunun likvidlik keyfiyyəti MDB+ ölkələri arasında ən güclülərdən biri olub və kreditlərin əmanətlərə nisbəti 60 % təşkil edib.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Sənədə əsasən, ötən il Cənubi Qafqazın digər ölkələrində - Ermənistan və Gürcüstanda bankların depozit portfelləri 2022-ci ildəki qeyri-rezidentlərin kəskin axınından sonra sabit qalıb və kreditlərin əmanətlərə nisbəti 90-100 %-ə çatıb.
“Qafqaz regionunda banklar, suveren kredit profillərinin güclənməsini və sürətli iqtisadi artımı nəzərə almaqla, əlverişli əməliyyat mühitinin yaratdığı müsbət kredit tendensiyalarından faydalanır.
Gəlirlərin, eləcədə biznes həcmlərinin artması və kredit göstəricilərinin tarixi orta göstəricilərdən yuxarı olması son illərdə bir sıra müsbət reytinq dəyişikliklərinə səbəb olub”, - "Fitch"qeyd edib.
Hesabata əsasən, Qafqaz regionunda bir çox banklar 2022-2023-cü illərdə rekord yüksək göstəricilər əldə edib və bu performanslarının güclü qalacağını gözləyirik.
"Hesabat dövründə, izafi likvidlik nəticəsində yaranan aktivlərin yüksək gəlirliliyi və aşağı maliyyələşdirmə xərcləri səbəbindən geniş faiz marjaları 1-2 % artıb, bu da rentabelliyi dəstəkləyib. Ermənistan bankları və bir qədər az olsa da, Gürcüstan bankları immiqrasiyadan və Rusiyadan pul axınından əldə edilən gəlirlərin artmasından faydalanıb. Azərbaycan banklarının fəaliyyəti yüksək neft qiymətləri və aktivlərin keyfiyyətinə təsir edən risklərin azaldılması ilə dəstəklənib. Ermənistan və Gürcüstanda kapital əmsalları yüksəkdir, bu da, tarixi orta göstəricilərdən yüksək olan gəlirliliklə dəstəklənir.
Azərbaycanda kreditlərin sürətlə böyüməsi və əhəmiyyətli dividend ödəmələri kapital əmsallarına təzyiq edir, ancaq güclü gəlirlilik fonunda kapitallaşmanın stabil səviyyədə qalacağını gözləyirik. Əlverişli makroiqtisadi şərait və sağlam kredit artımı regionda kredit keyfiyyətini davamlı yaxşılaşdırır. Müsbət dinamika, bankların köhnə risklərinin əhəmiyyətli dərəcədə azaldığı Azərbaycanda xüsusilə nəzərə çarpır.
Bu, konsentrasiya edilmiş və dollarlaşdırılmış korporativ risklərdən daha çox yerli valyutada pərakəndə kreditləşdirməyə, mikro və KOS kreditləşməsinə və daha effektiv tənzimləyici nəzarətə keçidlə şərtlənir”, - "Fitch" bildirib.
Agentlik hesab edir ki, bölgədə bank sektorunun de-dollarlaşması son illərdə pərakəndə kreditləşmənin artımı və yerli valyutadakı dayanıqlılıqla dəstəklənib: “Bununla belə, Gürcüstanda (2023-cü ilin sonunda kreditlərin 45 %-i) və Ermənistanda (36 %) dollarlaşma hələ də yüksəkdir və bu, hər iki ölkənin bank aktivlərinin keyfiyyətinə təsir edən əsas amildir. Son illərdə bütün regionda bankların reytinqlərində müsbət tendensiya müşahidə olunur. Azərbaycan və Gürcüstanda bir neçə bankın reytinqləri üzrə müsbət proqnozu var ki, bu da artım potensialını göstərir”