“FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 7 investor maraq göstərib
- 16 mart, 2023
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 7 investor nominal dəyəri 100 manat, ümumi məbləği isə 3 milyon manat olan 7 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat (12,5 %) müəyyən edilib.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.