Əli Məsimli: "Azərbaycanda 500 milyon manat kapitallı Aqrar-Sənaye Bankı yaradıla bilər"

Maliyyə
  • 23 oktyabr, 2026
  • 13:30
Əli Məsimli: Azərbaycanda 500 milyon manat kapitallı Aqrar-Sənaye Bankı yaradıla bilər

Aqrar sektorun alternativ maliyyə mənbələri ilə təmin edilməsi məqsədilə 500 milyon manat ilkin kapitala malik Aqrar-Sənaye Bankının təsis olunması təklif edilib.

"Report" xəbər verir ki, bu təkliflə deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputatın fikrincə, alternativ maliyyə mənbəyi qismində aşağı faiz dərəcəli kreditlər verəcək Aqrar-Sənaye Bankının formalaşdırılması mümkündür: "Azərbaycan Dövlət Neft Fondundan təqribən 500 milyon manat məbləğin bu bankın başlanğıc kapitalı olaraq ayrılması və vəsaitdən istifadəyə ciddi nəzarət mexanizminin həyata keçirilməsi məqsədəuyğun sayıla bilər.

Eyni zamanda, istehsal edilən kənd təsərrüfatı məhsullarının tarladan istehlakçının süfrəsinə çatdırılması prosesində 30 %-dən artıq itkiyə yol verilir. Bu itkilərin minimuma endirilməsi aqrar sahədə iqtisadi effektivliyin yüksəldilməsi baxımından böyük önəm kəsb edir".

Ə.Məsimli vurğulayıb ki, kənd təsərrüfatına hər il 500 milyon manat vəsaitin yönləndirilməsi ilə ortamüddətli dövrdə əsas məhsullar üzrə 5-7 % və daha yüksək artıma nail olmaq mümkündür: "Hazırda dövlət büdcəsi vasitəsilə aqrar sektora 1 milyard manatdan çox vəsait ayrılmasına baxmayaraq, əldə edilən iqtisadi artım hələ ki, mövcud potensialdan əhəmiyyətli dərəcədə geri qalır".

44 filmi