Əhməd Yaşar: "Türk dünyasında sığortalanmanın səviyyəsi aşağı olaraq qalır"

Maliyyə
  • 25 iyun, 2026
  • 10:25
Əhməd Yaşar: Türk dünyasında sığortalanmanın səviyyəsi aşağı olaraq qalır

Güclü iqtisadiyyatların arxasında güclü sığorta sistemləri dayanır.

"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin Sədri Əhməd Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

"Sığorta sektorunda böyümədən danışarkən, əslində ölkələrimizin iqtisadi dayanıqlılığını, sosial rifahını və gələcəyə inamla baxmaq potensialını da müzakirə edirik. Çünki bu gün sığorta artıq yalnız riskləri təminat altına alan sektor deyil. Sığorta xərc deyil, cəmiyyətlərin gələcəyə inamının ən bariz göstəricisidir. Sığorta iqtisadi inkişafın maliyyələşdirilməsidir, sosial müdafiənin təməl daşıdır, fəlakətlərdən sonra yenidən ayağa qalxmağın təminatıdır.

Hazırkı dövr qlobal risklərin yenidən formalaşdığı bir dövrdür. İqlim dəyişikliyinin təsirləri hər gün daha aydın görünür. Təbii fəlakətlərin sayı və şiddəti artır. Kiber risklər yeni iqtisadi təhdidlər yaradır. Əhalinin yaşlanması pensiya sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Səhiyyə xərcləri artır. Süni intellekt isə iş görmə üsullarımızı dəyişdirir. Bütün bu proseslər bizə mühüm bir həqiqəti göstərir: risklər böyüyür, mürəkkəbləşir və sərhəd tanımır. Məhz buna görə də sığorta sektoru artıq yalnız zərərləri və təzminatları ödəyən bir sahə deyil. Sığorta riskləri idarə edən, iqtisadiyyatları gücləndirən və cəmiyyətlərin dayanıqlılığını artıran strateji bir sektora çevrilib", - deyə o qeyd edib.

Ə.Yaşarın sözlərinə görə, hazırda türk dünyasında sığortalanma səviyyəsi aşağı olaraq qalır: "Bildiyiniz kimi, 2023-cü ildə Türkiyə Kahramanmaraş zəlzələləri ilə üzləşdi və təxminən 106 milyard dollarlıq iqtisadi itki qeydə alındı. Bu itkilərin yalnız 6 milyard dollarlıq hissəsi sığortalanmış zərər kimi qarşılandı. Bu vəziyyət sığorta və ya təkrarsığorta potensialının kifayət etməməsi ilə bağlı deyil. Əsas səbəb sığortalanma səviyyəsinin aşağı olmasıdır. Həmin dövrdə sığortalılıq dərəcəsi təxminən 5-6 % səviyyəsində idi. Halbuki, həmin il dünyada baş verən təbii fəlakətlər nəticəsində yaranan zərərlərin orta hesabla 40 %-i sığorta vasitəsilə qarşılanmışdı. Türkiyədə qeydə alınan göstəriciləri bu hesablamaya daxil etdikdə qlobal orta göstərici 30 %-ə düşür. Bu rəqəmlər həm Türkiyədə, həm də regionda, xüsusilə Türk dünyasında sığortalanma səviyyəsinin aşağı olduğunu və qorunma boşluqlarının nə qədər böyük olduğunu açıq şəkildə göstərir".