Deputat: "Büdcə xərcləri hesabına neçə iş yeri yaradılacağı proqnozlaşdırılmalıdır"
- 16 noyabr, 2026
- 15:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dövlət büdcəsindən xərcləmələr hesabına neçə iş yerinin yaradılacağı proqnozlaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Büdcə xərclərinin səmərəliliyinə diqqət çəkmək istərdim. Məlumdur ki, büdcənin əsas məqsədlərindən biri insanların sosial rifahının yüksəldilməsidir. Bunun ən mühüm yollarından biri də məşğulluğun təmin edilməsidir. Yəni ayrılan vəsait hesabına nə qədər insanın işlə təmin olunacağı, neçə müvəqqəti və daimi iş yerlərinin yaradılacağı əvvəlcədən proqnozlaşdırılmalıdır. Bunun üçün müvafiq hesablama metodologiyasının hazırlanmasını məqsədəuyğun hesab edirəm", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, dövlətin güclənməsi, iqtisadiyyatın inkişafı və ölkənin beynəlxalq nüfuzunun artması son nəticədə vətəndaşların daha yaxşı yaşaması, onların sosial müdafiəsinin güclənməsi, imkanlarının genişlənməsinə xidmət edir: "İqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, sahibkarlığın dəstəklənməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına da çox mühüm təsir göstərir. Ölkəmizin həyata keçirdiyi müstəqil siyasət, iqtisadi potensialı və beynəlxalq təşəbbüsləri Azərbaycanın orta güc dövlət kimi səciyyələnməsinə əsas yaradır. Ən mühüm məsələ ondan ibarətdir ki, iqtisadi inkişafımız ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirir".
"İqtisadiyyat inkişaf etdikcə, yeni istehsal və xidmət sahələri formalaşdıqca, sahibkarlıq gücləndikcə dövlətin maliyyə imkanları da artır. Bunun məntiqi nəticəsi olaraq dövlət büdcəsinin gəlirlər bazası möhkəmlənir, sosial və iqtisadi layihələrin maliyyələşməsi üçün daha geniş imkanlar yaranır. Başqa sözlə, dayanıqlı dövlət büdcəsi dayanıqlı iqtisadi inkişafın nəticəsidir. İndi müzakirə etdiyimiz 2027-ci ilin dövlət büdcəsi layihəsi də məhz həmin inkişaf siyasətinin davam etdirilməsinə xidmət edən mühüm sənəddir, ölkənin iqtisadi gücünü, dövlətin sosial məsuliyyətini, qarşıdakı dövr üçün müəyyən etdiyi inkişaf hədəflərini özündə əks etdirir. Ölkəmizin formalaşdırdığı iqtisadi modelin əsas üstünlüyü isə iqtisadi inkişafa sosial siyasətin vəhdət təşkil etməsidir", - deyə A.Hüseynov əlavə edib.