Ukrayna Rostovda neft bazasına zərbələr endirib
- 16 noyabr, 2026
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri noyabrın 15-də və 16-na keçən gecə Rusiyanın Rostov vilayətindəki neft bazasına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Məlumata görə, əsas hədəf Rostov vilayətinin Azov şəhərindəki "Fleş Enerji" MMC-nin neft bazası olub. Zərbədən sonra müəssisənin ərazisində partlayış səsləri eşidilib, ardınca yanğın başlayıb. Dəyən ziyanın miqyası dəqiqləşdirilir.
Bundan əlavə, Donetsk vilayətinin Birinci Novoselovka və Osikovo bölgələrində Rusiya ordusu bölmələrinin idarəetmə məntəqələri, Zaporojye vilayətinin Razdol ərazisində isə idarəetmə məntəqəsi vurulub.
Eyni zamanda, Ukrayna hərbçiləri Donetsk vilayətinin Rovnopol ərazisindəki maddi-texniki təminat anbarına və Berdyanskda Rusiya qoşunlarının silah və hərbi texnikasının cəmləşdiyi əraziyə zərbələr endiriblər.
Baş Qərargahdan bildirilib ki, bu zərbələr Rusiya bölmələrinin logistikasını, rabitəsini və koordinasiyasını pozmağa yönəlib.