Cənubi Qafqaz və Mərkəzi Asiya startaplarının qlobal fondlara çıxışı üçün imkanların yaradılması təklif olunur
- 30 sentyabr, 2025
- 16:51

Cənubi Qafqaz və Mərkəzi Asiya startaplarına qlobal fondların cəlb edilməsi üçün yeni imkanlar yaradılmalıdır.
"Report"un məlumatına görə, bunu "Domino Ventures"in idarəedici partnyoru Yağız Karadeniz "PASHA Holding" tərəfindən təşkil edilən "INMerge 2025" İnnovasiya Sammiti çərçivəsində "Mərkəzi Avrasiya hüdudlarından kənara genişlənmə" adlı panel müzakirəsində bildirib.
"Startapların inkişafına birbaşa 1, 2 və ya 5 milyon ABŞ dolları investisiya yatırmaq üçün çox az imkan var. Əgər bizim belə kapitalımız olsaydı, biz bir-iki layihəni dəstəkləyə bilərdik. Hər startap nəticə göstərmir, buna görə də biz daha gec mərhələdə investisiyalara yönəlirik və artıq uğur qazandığını sübut etmiş layihələrə yatırım edirik. Lakin sonra boşluq yaranır və məhz buna görə qlobal bazara çıxış bu qədər vacibdir. Böyük vençur fondları iri məbləğlərlə - 3, 5 və ya 10 milyon ABŞ dolları - investisiya yatırır.
İlk növbədə müştəri bazasını qiymətləndirirlər. Onlar bunu birbaşa qiymətləndirirlər. Əgər siz fintex sahəsində işləmirsinizsə, əməliyyat biznesi ilə məşğul deyilsinizsə və rəqəmsal şirkəti təmsil edirsinizsə, gəlirlərdə yerli bazarın payı 60-70 %-dən çox olduqda belə investorlar sizinlə maraqlanmayacaqlar", - Y.Karadeniz bildirib.