BFB: Listinqdə olan şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbəti cəmi 3%-dir

Maliyyə
  • 12 mart, 2025
  • 14:32
BFB: Listinqdə olan şirkətlərin kapitallaşmasının ÜDM-ə nisbəti cəmi 3%-dir

2024-cü ilin sonuna "Bakı Fond Birjası" QSC-də (BFB) listinqdə olan şirkətlərin kapitallaşmasının ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 3 % təşkil edib.

"Report" xəbər verir ki, bunu Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

"Halbuki Birləşmiş Ərəb Əmirliklərində bu nisbət 130 %, Rusiyada 38 %, Türkiyədə 28 %, Qazaxıstanda isə 25 %-dir. Azərbaycanda da bu göstəricinin bir neçə dəfə artması potensialı var", - deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, maliyyələ əlçatanlığı ölkə iqtisadiyyatının inkişafında ən əhəmiyyətli ünsürlərdəndir: "Bu məsələdə kapital bazarları barədə məlumatlılığın artırılması, bu bazarların real sektora əlçatanlığının təmin edilməsi daha çox əhəmiyyət kəsb edir. Bazarların inkişafı BFB-nin "2024-2026-cı illər üzrə inkişaf strategiyası"nda çox mühüm yer tutur. Bizim strategiyada birinci irəli sürülən strateji təşəbüslər kapital bazarının artımı və dərinləşməsidir".