BFB: Davamlı maliyyələşmə bazarına beynəlxalq investorları cəlb etmək üçün yeni mexanizmlər lazımdır
- 07 sentyabr, 2026
- 15:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda davamlı maliyyələşmə bazarına beynəlxalq investorları cəlb etmək üçün yeni mexanizmlər yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) "Yaşıl Maliyyə" üzrə məhsul rəhbəri Aygün Həsənova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.
"Hazırda bunu plan kimi müzakirə etməyimizə baxmayaraq, düşünürəm ki, davamlı maliyyələşməyə yalnız ətraf mühit gündəliyi kimi deyil, daha çox Azərbaycan üçün geniş iqtisadi inkişaf imkanı kimi baxmaq çox vacibdir. Azərbaycan hazırda iqtisadi şaxələnmə mərhələsindədir. Biz tədricən ənənəvi enerji əsaslı modellərdən innovativ, yaşıl aktivlərə və fəaliyyətlərə sərmayə qoyuluşuna keçirik. Bura enerji səmərəliliyi təşəbbüsləri, yaşıl texnologiyalar, infrastruktur və bərpa olunan enerji daxildir. Xüsusilə bərpa olunan enerji sahəsində Azərbaycanın böyük potensialı var. Son rəsmi rəqəmlərə əsasən, Azərbaycanın 27 giqavat iqtisadi baxımdan səmərəli bərpa olunan enerji potensialı var. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın ümumi enerji istehsalı gücü 10 giqavatdır. Deməli, bərpa olunan enerji sahəsində mənimsənilə biləcək potensial bundan 3 dəfə çoxdur", - deyə o qeyd edib.
Birja rəsmisinin sözlərinə görə, bu, mahiyyət etibarilə gələcəyə yönəlmiş investisiya imkanına çevrilə bilər: "Bu imkandan yararlanmaq üçün bu keçidi maliyyələşdirəcək kifayət qədər kapitalı cəlb etməyin yollarını tapmalıyıq. Banklar hər zaman mühüm maliyyə mənbəyi olaraq qalsa da, yeni kapital mənbələrini cəlb etməyin yollarını tapmalıyıq. Kapital bazarları bunun üçün effektiv vasitədir. Çünki onlar yerli əmanətləri və özəl kapitalı cəlb edərək Azərbaycanın inkişafını görmək istədiyi və davamlı nəticələr verəcək sektorlara yönəltməyə imkan verir.
Davamlı maliyyələşmə Azərbaycana aydın faydalar gətirir. Birincisi, bu, iqtisadiyyatın davamlılıq məqsədlərinə çatmasına kömək edəcək yeni layihələri maliyyələşdirir, ikincisi, haqqında danışdığım iqtisadi şaxələnməyə təkan verir və şirkətlərin davamlılıq tədbirlərində iştirak etməsi üçün həvəsləndirici amil yaradır, üçüncüsü, bu sahədə şəffaflığı artırır. Çünki kapital bazarlarında iştirak etmək üçün şirkətlər investorların etimadını qazanmaq məqsədilə müəyyən məlumatları açıqlamalıdırlar. Son olaraq, beynəlxalq investorları cəlb etmək üçün üfüqlərimiz genişlənir. Etibarlı bazar yarada və real davamlılıq nəticələri əldə edə bilsək, bu, beynəlxalq investorların bazarımızda iştirakına və bazarın daha da böyüməsinə şərait yaradacaq".
"Biz Azərbaycan Mərkəzi Bankı və dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Aydın standartlar və xarici qiymətləndirmə ilə birlikdə etibarlı bazar qurmaq, eləcə də davamlı maliyyə ekosisteminin böyüməsi üçün sağlam təməl qoymaq məqsədilə bu yaxınlarda Davamlı Maliyyələşmə üzrə Yol Xəritəsi hazırlamışıq", - deyə Aygün Həsənova əlavə edib.