"Bank BTB”nin istiqrazlarına 1 investor maraq göstərib
- 07 may, 2025
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Bank BTB” ASC-nin 3 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı, subordinasiya istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 1 investor 3 milyon manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirikəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.