EBRD Orta Dəhliz üzrə dəniz nəqliyyatına investisiyaları artırmaq istəyir
- 21 oktyabr, 2026
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Orta Dəhliz marşrutu üzrə dəniz nəqliyyatı sektoruna investisiyaların artırılması imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.
O qeyd edib ki, EBRD beynəlxalq sularda fəaliyyət göstərən və məhz Orta Dəhlizin fəaliyyətini təmin edən quru yük gəmilərinin alınması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) maliyyə vəsaiti ayırıb: "Gələcəkdə dəniz nəqliyyatı sektoru müəyyən mərhələlərə çatdıqca, bu sahəyə yatırımları artırmaq niyyətindəyik. Biz həmçinin Orta Dəhliz marşrutunda yerləşən Qazaxıstanın Aktau limanının genişləndirilməsinin maliyyələşdirilməsini təmin etmişik. Bu yaxınlarda isə "Qazaxıstan Dəmir Yolları" SC-nin istiqrazlarının yerləşdirilməsinə dair saziş imzalamışıq. Hər iki təşəbbüs Orta Dəhlizin inkişafına kömək edir".
N.Mouravidzenin sözlərinə görə, EBRD həmçinin özəl sektorun iştirakı ilə Ələt Azad İqtisadi Zonasında logistika qovşağının və anbar infrastrukturunun formalaşdırılması üzrə layihə həyata keçirib: "Şübhəsiz ki, məhz bu cür kapital qoyuluşları bizə dəhliz boyunca bütün prosesi inteqrasiya etmək imkanı verir. Çünki burada əsas əhəmiyyət kəsb edən yalnız daşınan yüklərin həcmi deyil, həm də dəhliz boyunca bütün əsas iştirakçıların və oyunçuların prosesə cəlb edilməsi nəticəsində yaradılan əlavə iqtisadi dəyərdir: yalnız Azərbaycan ərazisində deyil, bütün dəhliz boyunca. O, vahid bir mexanizm, bütöv bir ekosistem kimi işləməlidir".