Azərbaycanın maliyyə naziri IMF və Dünya Bankının Seçki Qrupunun Toplantısında iştirak edir
- 02 iyul, 2018
- 05:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının Seçki Qrupunun Toplantısında iştirak edir.
Bu barədə "Report"a Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, iyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb. Polşa Milli Bankının və Polşa Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və bu gün başa çatacaq toplantıda Azərbaycanı S.Şərifov təmsil edir.
IMF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla açıq interaktiv müzakirələr aparılacaq.
Toplantı çərçivəsində həmçinin “Əlaqəli dünyada kapital axınının idarə edilməsi” və “Zirvəyə doğru: İnnovasiya, artım və dövlətin rolu” mövzusunda panel müzakirələrinin də keçirilməsi planlaşdırılır.
Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.