Azərbaycanda yaxın 3 ildə neft-qaz sektoruna kapital qoyuluşu artırılacaq

Maliyyə
  • 15 aprel, 2026
  • 16:28
Azərbaycanda yaxın 3 ildə neft-qaz sektoruna kapital qoyuluşu artırılacaq

2027-ci ildə Azərbaycanda əsas kapitala olan investisiyalarda 5,6 %, ortamüddətli dövrdə (2027-30-cu illərdə) isə illik orta hesabla 2,1 % artım olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Yenilənmiş proqnozlara görə, iqtisadiyyata kapital qoyuluşu 2027-ci ildə 24,9 milyard manat, 2028-ci ildə 26,3 milyard manat, 2029-cu ildə 27,1 milyard manat, 2030-cu ildə isə 27 milyard manat təşkil edəcək. Beləliklə, 2027-2030-cu illərdə iqtisadiyyata ümumi kapital qoyuluşu 105,3 milyard manat olacaq.

O cümlədən, neft-qaz sektoruna kapital qoyuluşları 2027-ci ildə 7,7 milyard manat, 2028-ci ildə 8,1 milyard manat, 2029-cu ildə 7,8 milyard manat, 2030-cu ildə 6,6 milyard manat, qeyri-neft-qaz sektoruna kapital qoyuluşları isə 2027-ci ildə 17,2 milyard manat, 2028-ci ildə 18,2 milyard manat, 2029-cu ildə 19,3 milyard manat, 2030-cu ildə 20,4 milyard manat təşkil etməlidir.