Kan Kımqu: Orta Dəhliz Cənubi Koreya ilə əməkdaşlıq üçün yeni imkanlar açır
- 20 oktyabr, 2026
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta Dəhliz (Transxəzər marşrutu və ya TMTM) iqtisadiyyatı beynəlxalq ticarət və qlobal nəqliyyat marşrutları ilə sıx bağlı olan Cənubi Koreya ilə əməkdaşlıq üçün yeni imkanlar açır.
"Report" xəbər verir ki, bu barədə Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kımqu "Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Cənubi Koreya və Avrasiya arasında nəqliyyat əlaqələrinin gələcəyi" tədbirində bildirib.
Diplomatın sözlərinə görə, Orta Dəhliz Cənubi Qafqaz, Mərkəzi və Şimal-Şərqi Asiya ölkələri, o cümlədən Koreya Respublikası arasında qarşılıqlı əlaqələr üçün yeni imkanlar yaradır: "İqtisadi inkişafı beynəlxalq ticarət və qlobal nəqliyyat əlaqələri ilə sıx bağlı olan Koreya üçün bu imkanlar xüsusi əhəmiyyət kəsb edir".
K.Kımqu həmçinin Dünya Bankının 2026-cı ilin sentyabrında dərc edilmiş məruzəsinə istinad edib. Sənədə əsasən, Orta Dəhlizin inkişafına yatırılan strateji investisiyalar 2040-cı ilə qədər ticarət həcmini üç dəfədən çox artırmağa və daşıma müddətlərini iki dəfə azaltmağa qadirdir.
"Məruzədə həmçinin iqtisadi artımın və regional inteqrasiyanın stimullaşdırılması üçün Orta Dəhlizin daha geniş potensialı vurğulanır. Qlobal təchizat zəncirlərinin geosiyasi qeyri-müəyyənlik səbəbindən fasilələrlə üzləşdiyi bir şəraitdə, etibarlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin əhəmiyyəti artmaqda davam edir", - diplomat qeyd edib.
Səfir ekspert və akademik əməkdaşlığın inkişafının Azərbaycan və Koreya Respublikası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.