Azərbaycanda "yaşıl büdcə" ilə bağlı məlumatlılığı artırmaq təklif olunur
- 12 iyun, 2026
- 14:42
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci il dövlət büdcəsi ilə bağlı təqdim olunan sənədlərdə "yaşıl büdcə" ilə bağlı daha müfəssəl məlumatlara rast gəlinmir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Təbii resurslardan istifadəyə və ekoloji ödənişlərə görə büdcəyə daxil olan hər bir vəsait birbaşa həmin resursların bərpasına və ölkədə "sıfır tullantı" fəlsəfəsinin formalaşmasına xidmət etməlidir. Dövlət əsaslı vəsait qoyuluşlarının səmərəliliyi qiymətləndirilərkən layihələrin icra sürəti və keyfiyyəti xüsusi nəzarətdə saxlanılmalıdır. Su idarəçiliyi, tullantıların effektiv idarə olunması və alternativ enerji şəbəkələrinin inteqrasiyası sahəsində mümkün ləngimələr "yaşıl zona" konsepsiyasına mənfi təsir göstərə bilər. Bu baxımdan, hökumətin əsaslı vəsait qoyuluşu siyasətində ekoloji komponent hər zaman əsas meyar kimi qəbul edilməlidir", - deyə o qeyd edib.