Azərbaycanda yaşayış minimumunu inflyasiyaya uyğun artırmaq təklif olunur
- 17 noyabr, 2026
- 16:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda yaşayış minimumunun artımı inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Azər Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı bildirib.
"Yaşayış minimumu və ehtiyac meyarı kimi sosial normativlərin illik artımının inflyasiya səviyyəsi ilə uzlaşdırılmasını vacib hesab edirik. Məlum olduğu kimi, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri əsasında müəyyən edilən mühüm sosial normativdir. Bu göstərici dövlətin sosial siyasətinin formalaşdırılmasında, sosial müdafiə tədbirlərinin planlaşdırılmasında, iqtisadi inkişafın sosial nəticələrinin, o cümlədən həyat səviyyəsinin qiymətləndirilməsində, eləcə də sosial-iqtisadi göstəricilərin təhlilində mühüm rol oynayır. Bu baxımdan təsadüfi deyil ki, yaşayış minimumunun müəyyənləşdirilməsi məsələsinə həm sosial, həm də iqtisadi siyasət kontekstində yanaşılır. İqtisadi inkişafın yekun nəticəsi yalnız makroiqtisadi göstəricilərin yaxşılaşması ilə deyil, həm də bu inkişafın insanların gündəlik həyatında və rifahında nə dərəcədə hiss olunması ilə qiymətləndirilir", -deyə o qeyd edib.