Azərbaycanda sığorta vasitəçilərinin fəaliyyəti üçün yeni qanun hazırlanıb

Maliyyə
  • 12 yanvar, 2026
  • 15:22
Azərbaycanda sığorta vasitəçilərinin fəaliyyəti üçün yeni qanun hazırlanıb

Azərbaycanda sığorta agentlərinin və brokerlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanun layihəsi hazırlanıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin "Sığortalı Dost" verilişində deyib.

Onun sözlərinə görə, sığortaçıların xidmətləri yalnız sığorta müqaviləsi bağlandıqdan sonra deyil, müqavilə bağlanmazdan əvvəl də vətəndaşlarla düzgün və şəffaf ünsiyyət əsasında həyata keçirilməlidir.

V. Qurbanov bildirib ki, bu sahədə sığorta vasitəçiləri - agentlər və brokerlər - sığorta xidmətlərinin yayılmasında xüsusi rol oynayır.

AMB-nin baş direktoru əlavə edib ki, hazırda hazırlanmış qanun layihəsi sığorta vasitəçilərinin fəaliyyətini tənzimləməklə onların rolunu gücləndirəcək, peşəkarlıq səviyyəsini artıracaq və nəticədə sığortalılara göstərilən xidmətin keyfiyyətini yüksəldəcək.