Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Maliyyə
  • 14 noyabr, 2025
  • 12:21
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

10 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Ötən ilin yanvar-oktyabr aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,1 %, fərdi sahibkarlar üzrə 1,2 %, bazar və yarmarkalarda isə 4,9 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq, o cümlədən 279,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 233,9 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti