Azərbaycanda nağdsız ödənişlərin məbləği oktyabrda 50 % artıb
- 30 noyabr, 2024
- 06:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq - 7 milyard 506 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 359 milyon manatı (84,7 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 139 milyon manatı POS-terminallar, 7,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 63,8 %-ni təşkil edib.
Bu il noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 19 milyon 162 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 13,2 %, illik müqayisədə isə 18,2 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 20,5 % artaraq 16,935 milyona, kredit kartlarının sayı isə 3,5 % artaraq 2,227 milyona çatıb. 10 ayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,777 milyard manat (illik müqayisədə 31 % çox) və 822 milyon manat (36,1 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 5,3 %, POS-terminalların sayı isə 30,5 % artaraq müvafiq olaraq 3 253 ədəd (Bakı üzrə 1 741 ədəd) və 107 827 ədəd (Bakı üzrə 66 609 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.