Azərbaycanda nağdsız ödənişlərin məbləği martda 20 % artıb
- 30 aprel, 2025
- 16:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artaraq – 6 milyard 562 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 5 milyard 668 milyon manatı (86,4 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 890 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67 %-ni təşkil edib.
Bu il aprelin 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 460 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 % çox, ilin əvvəli ilə müqayisədə 2,8 %, ötən ilin eyni dövrünə nisbətən 17,4 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 20,1 % artaraq 18,182 milyona çatıb, kredit kartlarının sayı isə dəyişməyərək 2,278 milyon olub. Martda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,514 milyard manat (illik müqayisədə 6,8 % çox) və 708 milyon manat (9,8 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 7 %, POS-terminalların sayı isə 38 % artaraq müvafiq olaraq 3 374 ədəd (Bakı üzrə 1 806 ədəd) və 126 665 ədəd (Bakı üzrə 76 642 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.