Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfəyədək artıb
- 03 yanvar, 2023
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il dekabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 13 milyon 132 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin noyabrın 1-i ilə müqayisədə 1,2 %, yanvarın 1-nə nisbətən 18,9 %, 2021-ci il dekabrın 1-i ilə müqayisədə 20,9 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 20,1 % artaraq 11,402 milyona, kredit kartlarının sayı isə 26,6 % artaraq 1,730 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 5,249 milyard manat (illik müqayisədə 51,7 % çox) və 338 milyon manat (25,2 % çox) təşkil edib.
Noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 524 milyon manat təşkil edib. Bu, illik müqayisədə 1,9 dəfə çoxdur.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 47,4 %-ni təşkil edib.
Dekabrın 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 %, POS-terminalların sayı 27 % artıb. Hazırda bankomatların sayı 2 975 ədəd, onlardan Bakı üzrə 1 561 ədəd təşkil edir, POS-terminalların sayı isə 77 133 ədəddir (Bakı üzrə - 51 697).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.