Azərbaycanda məqsədli proqramların icrasına büdcədən ayırmalar azaldılır
- 04 noyabr, 2025
 - 15:42
 
                            
                            
                        2026-cı ildə Azərbaycanda dövlət büdcəsinin vəsaiti hesabına 8 məqsədli proqramın maliyyələşdirilməsi üçün 4 milyard 173,5 milyon manat nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 2 milyard 479,6 milyon manat azdır. Bundan da mütləq və nisbi ifadədə ən böyük pay 3 milyard 500 milyon manat və ya 83,9 % olmaqla "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na, ən kiçik pay isə 100 min manat təşkil etməklə "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"na aiddir. Dövlət büdcəsinin xərcləri ilə bağlı təqdim edilmiş əlavələrdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi proqnozlaşdırılan məqsədli proqramlar üzrə cəmi 3 milyard 554,4 milyon manat ayrıca sətirlə əks olunmuş ("2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə nəzərdə tutulmuş tədbirlər istisna olmaqla), bu istiqamətdə digər vəsaitlərin isə müvafiq icraçı qurumların saxlanılması xərcləri və digər xərc istiqamətləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub.