Azərbaycanda maliyyə sektoruna investisiyalar 39% artıb
- 06 sentyabr, 2017
- 08:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahələrinə 1,7 mln. manat sərmayə qoyulub.
“Report” un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8% çoxdur.
7 ay ərzində ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun cəmi 0,02%-i maliyyə sektorunun payına düşüb.
2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 728,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% az vəsait yönəldilib. 2017-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,5 %-i sənaye, 15,3 %-i tikinti, 11,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 1,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 %-i informasiya və rabitə, 1,0 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,6 %-i səhiyyə, 0,5%-i təhsil, hər birində 0,4% olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 %-i ticarət, hər birində 0,1 % olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.