Səfir: Pakistan AQEM-in gücləndirilməsinə sadiqdir
- 15 oktyabr, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan sülh, təhlükəsizlik və firavanlıq sahəsində ümumi məqsədlərə nail olmağa kömək edə biləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQEM) gücləndirilməsinə sadiqdir.
"Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, AQEM 30 ildən çoxdur ki, təhlükəsizliyin etimad və dialoq vasitəsilə möhkəmləndirilməsi prinsipinə əsaslanaraq müxtəlif siyasi sistemlərə, mədəniyyətlərə və baxışlara malik ölkələri bir araya gətirir.
"Məhz buna görə AQEM belə mühüm əhəmiyyətə malikdir. 30 ildən artıq müddət ərzində bu proses müxtəlif siyasi sistemlərə, mədəniyyətlərə və baxışlara malik ölkələri sadə, lakin inandırıcı bir prinsip ətrafında birləşdirir: təhlükəsizlik o zaman möhkəmlənir ki, etibar şübhənin, dialoq isə qarşıdurmanın yerini tutur", - diplomat qeyd edib.
O vurğulayıb ki, Asiyanın gələcəyi hər hansı bir ölkənin səyləri ilə təmin oluna bilməz.
"Gəlin elə bir Asiya quraq ki, burada mübahisələr sülh yolu ilə həll olunsun, suverenliyə və beynəlxalq hüquqa hörmət edilsin, terrorizmə yer verilməsin, ölkələr arasında etimad möhkəmlənsin, əlaqələrin genişlənməsi isə yeni imkanlar və rifah yaratsın", - səfir bəyan edib.
Qasım Mohiuddin həmçinin Azərbaycanı AQEM-də sədrlik müddətinin uzadılması münasibətilə təbrik edərək, Bakının rəhbərliyi altında təşkilatın öz mövqelərini möhkəmləndirməyə və yeni uğurlar əldə etməyə davam edəcəyinə əmin olduğunu deyib.