Rəsmi Tehran AQEM sammitinin təşkili və regional əməkdaşlıqdakı səylərinə görə Azərbaycana təşəkkür edib

Region
  • 15 oktyabr, 2026
  • 16:03
Rəsmi Tehran AQEM sammitinin təşkili və regional əməkdaşlıqdakı səylərinə görə Azərbaycana təşəkkür edib

Tehran AQEM-in Bakıda keçirilən sammitinin təşkilinə və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş səylərinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirir.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, AQEM-in sammiti Asiyanın bir sıra mürəkkəb təhlükəsizlik təhdidləri ilə üzləşdiyi bir dövrdə keçirilir:

"Regionda həllini tapmamış böhranlar təhlükəsizliyin təmin edilməsinə dair mövcud yanaşmalara yenidən baxılmasını və Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsini heç vaxt olmadığı qədər zəruri edir".

Yaxın Şərqdəki vəziyyətə toxunan İran xarici işlər nazirinin müavini Tehranın prinsipial mövqeyinin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyindən ibarət olduğunu qeyd edib.

Onun sözlərinə görə, regiondakı mövcud vəziyyət beynəlxalq hüquq normalarının bütün dövlətlərə eyni dərəcədə tətbiq edilmədiyi beynəlxalq şəraiti əks etdirir: "Asiyanın gələcəyi dövlətlərin suverenliyinə hörmət, ədalət, birgə inkişaf və ölkələr arasında əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. İran məsuliyyətli diplomatiya, regional əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinin müdafiəsi vasitəsilə belə bir gələcəyin reallaşdırılmasına fəal töhfə verməyə hazırdır".

Nazir müavini vurğulayıb ki, İran qonşuları ilə mümkün qədər əlverişli münasibətlər qurmağa daim çalışır.