Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 44 % artıb

Maliyyə
  • 18 iyul, 2022
  • 12:37
Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 44 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 385,8 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, proqnozdan 7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 44,4 % çoxdur.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

- Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);

-  İlkin tibbi-sanitariya yardımı;

-   Ambulator şəraitdə müayinə və müalicə;

-  Stasionar müalicə;

-  Funksional-diaqnostik müayinələr;

-  Fizioterapevtik xidmətlər;

-  Laborator müayinələr;

-  Hamiləlik və doğuş xidməti;

-  Təcili vaksinasiyalar;

-  Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

-  Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları).