Azərbaycanda icbari sığorta bazarı 6 %-ə yaxın böyüyüb
- 28 avqust, 2025
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 221,357 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 80,595 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 12,2 % çoxdur.
Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 34,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,7 % çoxdur.
Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.