Azərbaycanda 4 ayda orta illik inflyasiya 5,6 % olub

Maliyyə
  • 12 may, 2026
  • 12:56
Azərbaycanda 4 ayda orta illik inflyasiya 5,6 % olub

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, apreldə istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,5 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 %, qeyri-qida məhsulları üzrə 4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 0,3 % artıb.

Apreldə ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, süfrə marqarini, qarğıdalı yağı, limon, banan, alma, kivi, ağ kələm, brokkoli, süfrə çuğunduru və kartof bahalaşıb, yumurta, portağal, şabalıd, gül kələmi, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğan ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri noyabr ayına nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından əsasən sement, kəsilmiş taxta, mebel və yuyucu vasitələr bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Apreldə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə marta nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən stomatoloji xidmətlər, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.