ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 06:50
ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib

ABŞ-nin Kaliforniya ştatında nar şirəsi istehsalçısı "POM Wonderful" şirkətinin zavodunda kimyəvi maddə sızması nəticəsində 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli ABC telekanalının Fresno dairəsinin yanğınsöndürmə xidmətinə istinadən yaydığı məlumatda bildirilib.

Hadisə ilə əlaqədar zavodun təxminən 150 əməkdaşı təxliyə edilib. Sızma zonasına yaxın olan işçilər nəfəs almaqda çətinlik və başgicəllənmədən şikayətləniblər.

Şirkətin məlumatına görə, zavodda tərkibində 15 faiz perasetik turşu olan "BioSide" təmizləyici məhlulundan təxminən bir qallona (3,8 litr) yaxın maye sızıb. Maddə boru kəmərindəki kiçik dəlikdən xaricə axıb.

"POM Wonderful" şirkəti zədələnmənin avadanlığın köhnəlməsi nəticəsində baş vermiş ola biləcəyini ehtimal etsə də, bunu hələlik təsdiqləməyib.

Yanğınsöndürmə xidmətindən bildirilib ki, işçilər məhlulun buxarının təsirinə məruz qalıblar. Kimyəvi maddələr kanalizasiya sisteminə və su hövzələrinə qarışmayıb. Müəssisənin ərazisindən kənarda əhali üçün təhlükə yaranmayıb.

Zavodun fəaliyyəti bir neçə saat sonra bərpa edilib.