Azərbaycan və Pakistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı hədəfləyir

Maliyyə
  • 10 sentyabr, 2025
  • 13:22
Azərbaycan və Pakistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycan və Pakistan ikitərəfli ticarət həcmini 2 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Pakistan Birgə Ticarət-Sənaye Palatasının (APJCCI) baş sponsoru Əhsan Zəfər Baxtavari Bakıda Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı ilə görüşü zamanı bildirib.

Ə.Baxtavari həmçinin qeyd edib ki, APJCCI Azərbaycan-Pakistan biznes forumunun təşkilini, eləcə də Bakı və İslamabadda daimi şourumların yaradılması üzərində işə başlamağı planlaşdırır.

Öz növbəsində, T.Hacılı vurğulayıb ki, ixracın təşviqi və investisiyaların cəlb edilməsi AZPROMO-nun əsas məqsədləridir, APJCCI-nin yaradılması isə hər iki ölkənin özəl sektorları arasında əməkdaşlıqda mühüm mərhələdir. T.Hacılının fikrincə, ticarətin hazırkı səviyyəsi real potensialı əks etdirmir, lakin daha sıx əməkdaşlıq və B2B əlaqələri böyük imkanlar aça bilər.

Görüş zamanı həmçinin qərara alınıb ki, gələn ilin əvvəlində Azərbaycandan biznes nümayəndə heyəti ikitərəfli ticarət və investisiya təşəbbüslərinə yeni təkan vermək üçün Pakistana səfər edəcək. Tərəflər həmçinin ikitərəfli ticarətin inkişafı, investisiyaların artırılması, uzunmüddətli biznes əlaqələrinin qurulması barədə razılığa gəliblər.