Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
- 09 sentyabr, 2026
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,2 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,8 % azalaraq 26 milyard 181,9 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,1 % artaraq 61 milyard 527,6 milyon manata çatıb.
8 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,4 % azalaraq 44 milyard 620,3 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 % artaraq 14 milyard 605,9 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,6 % artaraq 10 milyard 57,4 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8,7 % artaraq 10 milyard 931,9 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,7 % artaraq 2 milyard 748,1 milyon manat təşkil edib.
ÜDM istehsalının 34,6 %-i sənaye, 10,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 %-i tikinti, 3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 %-ni təşkil edib.