Azərbaycan BOKT-unun istiqrazları listinqə daxil edilib
- 12 oktyabr, 2023
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” ASC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq adi, adlı, sənədsiz istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq və hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd, yəni 2 milyon manatlıq, ümumilikdə 3 milyon manatlıq istiqrazdan gedir. Qiymətli kağızlar müvafiq olaraq 60 ay və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi müvafiq olaraq 18 % və 13 %-dir. Faizlər müvafiq olaraq aylıq və rüblük ödəniləcək.
Hər iki prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.