Azərbaycan BOKT-larının xalis mənfəəti 29 % azalıb
- 28 yanvar, 2026
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 111,5 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 29 % azdır.
İl ərzində BOKT-ların əməliyyat gəlirləri 474,9 milyon manat (illik müqayisədə 8,35 % çox), əməliyyat xərcləri 242,1 milyon manat (37,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 107 milyon manat (66,4 % çox), gözlənilməz gəlirləri 1,7 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16 milyon manat (61,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 1 milyard 243,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,2 % çoxdur. Bunun 923,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 28,8 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 26,5 % artaraq 679,3 milyon manata, balans kapitalı isə 23,6 % artaraq 564,3 milyon manata çatıb.