Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq portfelinin dəyəri 16 milyard dolları keçib

Maliyyə
  • 25 sentyabr, 2026
  • 16:55
Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq portfelinin dəyəri 16 milyard dolları keçib

Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq portfelini genişləndirmək istəyir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

"Biz Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və bir çox digər qurumlar daxil olmaqla, demək olar ki, bütün əsas maliyyə təşkilatları ilə fəal əməkdaşlıq edirik. Azərbaycanın bu təşkilatlarla əməkdaşlıq çərçivəsindəki ümumi portfeli 16 milyard dollardan çoxdur. Düşünürük ki, xüsusilə Azərbaycanın infrastruktur layihələrini, şaxələndirmə siyasətini və regional inkişaf planlarını nəzərə alsaq, bu əməkdaşlığı daha da zənginləşdirmək və genişləndirmək üçün böyük potensial mövcuddur. Su-kanalizasiya sektorundan kənd təsərrüfatına, avtomobil və dəmir yollarına qədər böyük imkanlar var. Buna görə də bu əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur. İnanırıq ki, əsas tərəfdaşlarımız sayılan beynəlxalq maliyyə təşkilatları əməkdaşlığımızın dərinləşdirilməsində, portfelimizin böyüdülməsində və daha çox infrastruktur layihəsinin əhatə olunmasında mühüm rol oynamağa davam edəcəklər", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, portfel çərçivəsində ölkə üçün çox vacib məqamlardan biri də həmin təşkilatların Azərbaycana gətirə biləcəyi ən qabaqcıl təcrübələrin mənimsənilməsidir: "Bu, təkcə gətirilən maliyyə vəsaiti məsələsi deyil, həm də onların təmin etdiyi əlavə dəyər və ekspertiza məsələsidir. Bu beynəlxalq qurumlar demək olar ki, bütün dünyada fəaliyyət göstərirlər. Onların bir çox ölkə ilə iş təcrübəsi var. Onlar müxtəlif çətinlikləri və mürəkkəb mühitləri görüblər. Düşünürük ki, iri layihələrə beynəlxalq maliyyə qurumlarının cəlb edilməsi ən yaxşı ekspertizanın, yüksək texnologiyaların və daha yaxşı strateji planlaşdırmanın tətbiqi üçün bizə yaxşı zəmin yaradacaq".