Azərbaycan bankının istiqrazlarına 23 investor maraq göstərib
- 22 oktyabr, 2024
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Unibank” ASC-nin 20 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 200 000 ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 23 investor 20 milyon manatlıq 23 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 138,2 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.