Mirbek Mambataliyev: Qırğızıstan mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir
- 27 oktyabr, 2026
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğız Respublikası mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir.
"Report"un məlumatına görə, bunu Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" adlı müzakirədə deyib.
O, Azərbaycan və Qırğızıstan arasındakı münasibətləri misal çəkərək bunu qarşılıqlı hörmət və dialoqun nümunəsi adlandırıb:
"Bakı Prosesi xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformaya çevrilib. Qırğız Respublikası ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri bu əməkdaşlığın parlaq nümunəsidir. Qırğız Respublikası gənclər arasında mübadilənin genişləndirilməsinə və süni intellektin imkanlarından istifadəyə açıqdır. Sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin qorunması və daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
M.Mambataliyev bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, bu gün dünya qarşısında ümumi vəzifə dialoq və tərəfdaşlıqdan konkret birgə fəaliyyətə keçməkdir:
"Qloballaşma, dezinformasiyanın yayılması və süni intellektin inkişafı şəraitində mədəniyyət etimadın və qarşılıqlı hörmətin əsası kimi xüsusi önəm daşıyır".
Nazir bildirib ki, mədəni dialoq Qırğız Respublikası üçün milli irsin qorunub saxlanılması və mədəni müxtəlifliyə hörmətlə sıx əlaqəlidir.