Nazir: Bakı forumu konkret addımlar üçün mühüm platforma olacaq

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 13:19
Nazir: Bakı forumu konkret addımlar üçün mühüm platforma olacaq

Bakı forumu beynəlxalq əməkdaşlığın konkret birgə addımlara çevrilməsi üçün mühüm platforma olacaq.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

Onun sözlərinə görə, forum təkcə mədəniyyətlərarası dialoqun hazırkı vəziyyətini deyil, həm də onun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir.

"Bu gün bəşəriyyət tarixi dəyişikliklər dövrünü yaşayır. Bir tərəfdən elm və texnologiyalar misilsiz sürətlə inkişaf edir. Digər tərəfdən, dünyanın müxtəlif regionlarında geosiyasi ziddiyyətlər, iqtisadi bərabərsizlik, iqlim dəyişikliyi və digər qlobal problemlər getdikcə daha mürəkkəb xarakter alır.

Bu proseslər təkcə dövlətlərin siyasi və iqtisadi həyatına deyil, həm də xalqların mədəni və mənəvi mühitinə birbaşa təsir göstərir. Belə bir şəraitdə biz mühüm bir həqiqəti dərk etməliyik: bəşəriyyətin texnoloji inkişafı onun mənəvi inkişafından ayrı düşməməlidir", - nazir bildirib.

O vurğulayıb ki, texnoloji tərəqqiyə və dünyada baş verən dəyişikliklərə baxmayaraq, insanın sülhə, xeyirxahlığa, qarşılıqlı hörmətə və mədəni köklərin qorunub saxlanmasına olan ehtiyacı dəyişməz qalır.

Nazir həmçinin süni intellektin inkişafının və digər qlobal dəyişikliklərin mədəniyyət sahəsi üçün yarada biləcəyi təhdidlərin əvvəlcədən aşkar edilməsinin vacibliyini vurğulayıb:

"Bu gün dörd əsas təhdidi fərqləndirmək olar. Birinci təhdid - mədəni müxtəlifliyin zəifləməsidir. İkincisi - tarixi həqiqətin və mədəni yaddaşın təhrif edilməsidir. Üçüncüsü - insan yaradıcılığı və mənəvi dəyərlərlə bağlı problemlərdir. Dördüncüsü - gələcək qlobal böhranların mədəni baxımdan nəticələridir".