“Azər-Türk Bank"ın xalis mənfəəti 2 dəfədən çox azalıb
- 15 aprel, 2025
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azər-Türk Bank” ASC bu ilin I rübünü 3,828 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə azdır.
Yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 40,781 milyon manat (illik müqayisədə 29,1% çox), xərcləri 34,11 milyon manat (53,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,043 milyon manat (2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 800 min manat (13,5 % çox) təşkil edib.
Bu il aprelin 1-nə “Azər-Türk Bank”ın aktivləri 1 milyard 956,059 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 34,1 % çoxdur. Bunun 792,985 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,5 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 35,1 % artaraq 1 milyard 845,34 milyon manata, o cümlədən depozit portfeli 51,5 % artaraq 1 milyard 382,231 milyon manata, balans kapitalı isə 19,7 % artaraq 110,719 milyon manata, nizamnamə kapitalı isə 58 % artaraq 79 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.