"Azər-Türk Bank"ın xalis mənfəəti 50 %, kapitalı isə 12,8 % artdı

Maliyyə
  • 15 iyul, 2026
  • 14:35
Azər-Türk Bankın xalis mənfəəti 50 %, kapitalı isə 12,8 % artdı

2026-cı ilin ilk 6 ayı ərzində "Azər-Türk Bank" ASC-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30 % artaraq 15,3 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlib, depozit portfeli isə 30 % artaraq 1,5 milyard manata çatıb.

Hesabat dövrünün sonuna Bankın aktivləri 129,8 milyon manat artaraq 2 milyard manatı, kredit portfeli isə 828 milyon manatı keçib.

2026-cı ilin ilk altı ayında Bankın gəlirləri 92,5 milyon manat, o cümlədən faiz gəlirləri 69,8 milyon manat, qeyri-faiz gəlirləri isə 22,7 milyon manat təşkil edib.

Hesabat dövründə ATB beynəlxalq mükafata layiq görülüb

Hesabat dövründə "Azər-Türk Bank"ı beynəlxalq nüfuza malik "Capital Finance International" (CFI.co) nəşri "Green Banking Sustainability Pioneer Azerbaijan 2026" ("Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank – 2026") mükafatına layiq görüb. Bu mükafat bankın dayanıqlı inkişaf və ESG prinsiplərini fəaliyyətinə uğurla inteqrasiya etməsinin, yaşıl maliyyələşdirmənin inkişafına verdiyi töhfənin və dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Bank ilin ən nüfuzlu IFBS 2026 forumunun rəsmi tərəfdaşı oldu

Həmçinin Bank Bakıda keçirilən və regionun aparıcı maliyyə-bank tədbirlərindən biri olan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" (IFBS 2026) forumunda rəsmi tərəfdaş qismində iştirak edib. Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə keçirilən forum qlobal maliyyə trendlərinin, regional əməkdaşlığın, ödəniş sistemlərinin inteqrasiyasının, beynəlxalq tərəfdaşlığın inkişafının müzakirəsi üçün mühüm platforma olub.

Dövlət proqramlarında qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına dəstək

Hesabat dövründə "Azər-Türk Bank" ölkə Prezidentinin "Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası" və "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" haqqında müvafiq sərəncamlarından irəli gələn hədəflərin həyata keçirilməsinə dəstəyini davam etdirib. Bu çərçivədə Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə talassemiya xəstəsi uşaqlara dəstək məqsədilə qanvermə aksiyası təşkil edib, əməkdaşları isə aksiyada könüllü iştirak ediblər.

Eyni zamanda, Bank təhsil və gənclərin inkişafına yönəlmiş təşəbbüslərini genişləndirərək Bakı Ali Neft Məktəbi (BANM) ilə Anlaşma Memorandumu imzalamışdır. Memorandum elm və təhsilin istehsalatla inteqrasiyasını, tələbələrin təcrübə proqramlarının təşkilini və gənc mütəxəssislərin məşğulluğunu nəzərdə tutur. Təhsilə və gənclərin inkişafına verdiyi davamlı töhfəyə görə "Azər-Türk Bank" cari ildə ABA-nın "Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə mükafatına layiq görülüb.

Enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində birgə fəaliyyət

Bu ilin aprel ayında daha bir əhəmiyyətli saziş imzalanıb. Ölkədə enerji ehtiyatlarından səmərəli istifadəni və enerji effektivliyini dəstəkləmək məqsədi ilə "Azər-Türk Bank" və Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müqavilə bağlanılıb.

Bu sazişdə əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsidir.

44 filmi