Azər Mursaqulov: "Azərbaycan dövlət borcuna münasibətdə dayanıqlı və möhkəm mövqeyini qoruyur"

Maliyyə
  • 07 oktyabr, 2025
  • 13:57
Azər Mursaqulov: Azərbaycan dövlət borcuna münasibətdə dayanıqlı və möhkəm mövqeyini qoruyur

Azərbaycan dövlət borcuna münasibətdə dayanıqlı və möhkəm mövqeyini qoruyur.

"Report"un məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov Bakıda "Almaniya-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025"in açılış mərasimində bildirib.

O qeyd edib ki, bu gün bir çox ölkələr yüksək borc səviyyəsi səbəbindən ciddi fiskal problemlərlə üzləşirlər: "Bu da makroiqtisadi sabitliyə əhəmiyyətli təhdidlər yaradır və artım perspektivlərini məhdudlaşdırır. Təkcə ötən il qlobal dövlət borcu 100 trilyon ABŞ dollarına çatıb. Hətta bu göstəricini ötüb ki, bu da təxminən qlobal ÜDM-nin 90 %-ni təşkil edir. Bu, faiz dərəcələrində müşahidə olunan azalma tendensiyasına baxmayaraq, onların hələ də yüksək olaraq qaldığı bir zamanda baş verir. Bu da ölkələrin sosial proqramlara lazımi qədər vəsait ayırmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Həmçinin kritik əhəmiyyətli məhsuldar infrastruktura investisiya yatırmaq üçün onların fiskal məkanını azaldır".

A.Mursaqulov əlavə edib ki, Azərbaycan bu baxımdan dayanıqlı və möhkəm mövqeyini qoruyur: "III rübün yekunlarına görə bizim ümumi borcumuz ÜDM-in təxminən 19,6 %-ni təşkil edir. Bu da istənilən ölçüyə görə kifayət qədər aşağı göstəricidir. Bu məbləğin 33 %-i xarici borcların payına düşür, 67 %-i isə daxili borcdur. Bu, 2018-ci ildə tarixdə ilk dəfə dövlət borcunun idarə edilməsi strategiyasının qəbul edilməsi ilə başlanan strateji yanaşmanın nəticəsidir".

Son xəbərlər

Bütün Xəbər Lenti