Aydın Rəhmanov: "Azərbaycanda həyat sığortasının inkişafı üçün yeni maliyyə alətlərinə ehtiyac var"
- 24 iyun, 2026
- 17:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda sığorta sektorunda müşahidə olunan artımın əsas hərəkətverici qüvvəsi dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmləridir və bu artım hələlik daha çox statistik göstəricilərdə öz əksini tapır.
"Report" xəbər verir ki, bunu "Qala Sığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Aydın Rəhmanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, hər bir təşviq və dəstək mexanizmi müəyyən zaman çərçivəsinə malikdir: "İstər iki, istər beş, istərsə də on ildən sonra bu mexanizmlərin təsiri azalacaq. Buna görə də bizim üçün ən vacib nəticə insanların düşüncə tərzinin dəyişməsi və cəmiyyətdə sığorta mədəniyyətinin formalaşmasıdır. Məhz bu fürsətdən maksimum istifadə etməliyik".
A.Rəhmanov qeyd edib ki, sığorta sektoru hər il böyüməyə davam edir və məhsul portfelində müəyyən transformasiya prosesləri müşahidə olunur: "Hazırda bazarda yeni pensiya modellərinin hazırlanması istiqamətində işlər aparılır. Həyat sığortası kifayət qədər spesifik sahədir və onun inkişafı üçün müxtəlif iqtisadi və maliyyə alətlərinin tətbiqi vacibdir.
Biz yerli bazarda artım dinamikasını müşahidə edirik və bu tendensiyanın gələcəkdə də davam edəcəyini gözləyirik. Davamlı inkişafın təmin edilməsi və bazarın dərinləşməsi strategiyamızın əsas prioritetlərindən biridir".