AMB rəsmisi: "Rəqəmsal maliyyə xidmətlərinin gələcəyi artıq reallığa çevrilib"

Maliyyə
  • 29 iyun, 2026
  • 10:31
AMB rəsmisi: Rəqəmsal maliyyə xidmətlərinin gələcəyi artıq reallığa çevrilib

Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin gələcəyi artıq reallığa çevrilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq ölkədə filialsız bankçılıq dövrü başlayıb: "İllər əvvəl rəqəmsallaşma və rəqəmsal maliyyə xidmətlərinin gələcəyindən danışırdıqsa, artıq həmin gələcəyi bu gün yaşadığımızı görürük. Gələcək artıq buradadır. Bu gün bank hesabı açmaq, köçürmə həyata keçirmək və ya müxtəlif maliyyə xidmətlərindən istifadə etmək üçün fiziki olaraq filiala və ya xidmət məntəqəsinə getməyə demək olar ki, ehtiyac qalmayıb. Bir çox xidmətlər onlayn kanallar vasitəsilə təqdim olunur və bu, əlbəttə ki, texnologiyanın inkişafı sayəsində mümkün olub".

F. Tofidi qeyd edib ki, lakin burada yalnız texnologiyanın rolu yoxdur: "İnsanların gözləntiləri də ciddi şəkildə dəyişib. Artıq hər kəs daha sürətli, daha əlçatan və daha rahat xidmət tələb edir. Bu dəyişikliklər fonunda Mərkəzi Bankın da rolu və məsuliyyəti müəyyən qədər transformasiya olunub. Əgər əvvəllər əsas vəzifə tənzimləmə və maliyyə sabitliyinin qorunması idisə, bu gün biz eyni zamanda innovativ mühitin formalaşdırılmasını da əsas hədəflərimizdən biri və institusional məsuliyyətimiz kimi görürük".

44 filmi