AMB rəsmisi: "Bu il cari əməliyyatlar balansının profisitli olması gözlənilir"
- 17 sentyabr, 2025
- 11:50

2025-ci ilin yekununda Azərbaycanda cari əməliyyatlar balansının (CƏB) profisitli olması gözlənilir və bu tendensiyanın 2026-cı ildə də davam edəcəyi ehtimalı yüksəkdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankınln (AMB) baş direktoru Vüqar Əhmədov qurumda keçirilmiş mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, bu ilin I yarısında cari əməliyyatlar hesabının profisitinin ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 6,4 % təşkil edib ki, bu da müsbət dinamikanı göstərir: "Növbəti iclaslarda əlavə dəqiqləşdirmələr ola bilər, lakin ciddi korreksiya gözlənilmir".
V. Əhmədov əlavə edib ki, 2025–2026-cı illərdə cari əməliyyatlar balansı üzrə müsbət saldo təxminən 3–4 milyard ABŞ dolları ətrafında olacaq.
Baş direktor Avropa İttifaqı və beynəlxalq qurumların proqnozlarının da AMB-nin övcud qiymətləndirmələri ilə üst-üstə düşdüyünü qeyd edib.
Bankir əlavə edib ki, proqnoz göstəriciləri orta müddətli dövrdə sabitliyini qoruyur və bu istiqamətdə mümkün yeniliklər barədə ictimaiyyət növbəti mətbuat konfranslarında məlumatlandırılacaq.